«HAKİMİYYƏTİN 48 QANUNU»
Robert Qrin
1 из 1
Strategiya sahəsində güclü mütəxəssislərdən biri olan Robert Qrin “Hakimiyyətin 48 Qanunu” kitabında insanlar və hadisələr qarşısında heç bir qüvvəyə və ya təsirə malik olmamağın çox pis bir hiss olduğunu deyir. Müəllifin fikrincə, insanların hakimiyyət əldə etmək arzusu davamlı olaraq artır; onlar hər dəfə daha çox güc istəyirlər. Ancaq əldə etmək istədiyimiz hakimiyyətə qarşı səbirlə davranmalı, özümüzü dürüst və ədalətli bir insan kimi göstərməliyik. Beləliklə, onu əldə etmək bizim üçün daha asan olar.
Hakimiyyət oyununu öyrənmək dünyaya müəyyən bir baxış bucağından baxmağı, lazım olarsa əvvəlki baxışları dəyişdirməyi tələb edir. Bundan başqa, uzun illərin təcrübəsi və müəyyən bacarıqların mövcudluğu da əhəmiyyətli elementdir. Ancaq bundan sonra aşağıda ətraflı şəkildə təsvir edilən hakimiyyət qanunlarını tətbiq edə və uğur qazana bilərsiniz.
1-ci Qanun: Kölgənizin hökmdarın üstünə düşməsinə imkan verməyin.
Rəhbərinizin həmişə üstün hiss etməsinə şərait yaradın. Hökmdarları (müdirləri, rəhbərləri, müəllimləri, valideynləri) onlardan daha ağıllı, və ya cəsarətli görünərək cəlb edə bilməzsiniz, əksinə onların gözündən düşərsiniz. Buna görə də onların ağıllı görünməyinə şərait yaradın. Gücə çatana qədər gücünü gizlətmək zəiflik deyil, bacarıqdır. Qalib gələcəyinizə əmin olduğunuz düşmənlə müharibə aparın. Əgər belə bir düşməniniz yoxdursa, dostlarınızdan birini düşməninizə çevirin.
İnamsızlıq hissi hamıya tanışdır. Özünüzü və bacarıqlarınızı bütün dünyaya göstərdiyiniz vaxt təbii olaraq, digər insanlarda qibtə, həsəd və inamsızlıq yaradacaqsınız. Bu qeyri-adi hal deyil. Həyatınızı digər insanların kiçik hissləri ilə maraqlanaraq keçirə bilməzsiniz. Bununla yanaşı, rəhbərlərinizə nəzərən fərqli bir münasibət formalaşdırmalısınız: hakimiyyət məsələsində öz ustalığını vaxtından əvvəl göstərmək ən geniş yayılmış səhvlərdən biridir.
2-ci Qanun: Dostlarınıza çox güvənməyin, düşmənlərinizdən istifadə etməyi öyrənin.
Dostlarınızla bağlı məsələlərdə diqqətli olun - onlar sizə xəyanət etməyə daha çox meyillidir, çünki sizə asanlıqla həsəd apara bilərlər. Lakin köhnə bir düşmən dostdan daha sadiq olacaq, çünki onun özünü sübut etmək üçün daha çox imkanı var. Əslində, düşmənlərinizdən çox dostlarınızdan qorxmalısınız. Düşməniniz yoxdursa, onu tapmaq üçün çalışın.
Sizə lazım olan vaxtlarda hər hansı bir işi reallaşdırmaq üçün dostlarınızdan istifadə etməyiniz olduqca təbiidir. Dünya xeyli çətinliklərlə doludur və dostlarınız bu çətinlikləri azaldır. Sizə kömək edə biləcək bir dostunuz olduğu halda, niyə hansısa yad bir insana etibar edəsiniz?
Məsələ burasındadır ki, dostlarınız bir çox hallarda sizin təsəvvür etdiyiniz kimi insanlar olmur. Onlar bir çox hallarda mühakimələrdən yayınmaq üçün bəzi ümumi şeyləri qəbul edirlər. Bir-birilərini ciddi şəkildə narahat etməyən mənfi xüsusiyyətləri görməzlikdən gəlirlər. Bir-birilərinin zarafatlarına gülürlər. Dürüstlük nadir hallarda dostluq münasibətlərini gücləndirdiyi üçün onların həqiqi düşüncələrini müəyyənləşdirmək çətindir.
3-cü Qanun: Niyyətinizi gizlədin.
İnsanların balansını pozmayın və fəaliyyətlərinizin arxasındakı məqsədləri heç vaxt açıqlamayın. Nəyin mövcud olması ilə bağlı məlumat olmadıqda, müdafiə olunmaq da mümkün deyil. Aldatma həmişə ən yaxşı strategiyadır, ancaq ən yaxşı aldatmacalar insanların diqqətini real məsələlərdən uzaqlaşdırmaq üçün bir duman pərdəsi tələb edir. Onları yanlış istiqamətə yönəldin, kifayət qədər dumanla əhatə edin; beləliklə, niyyətinizi reallaşdırarkən mane olmaq imkanları olmayacaq.
Aldadıcıların yalanlar və uzun-uzadı nağıllar danışan insanlar olduğuna inanırsınızsa, səhv edirsiniz. Ən yaxşı aldadıcılar onları diqqət mərkəzindən uzaqlaşdıran mülayim və sadə üsullardan istifadə edirlər.
4-cü Qanun: Həmişə lazım olduğundan daha az danışın.
İnsanlara sözlərlə təsir etməyə çalışırsınızsa, nə qədər çox danışsanız, o qədər az nəzarət sahibi olarsınız. Qeyri-adi bir şey haqqında danışmasanız belə qeyri-müəyyən, açıq və sirli bir şəkildə danışdıqda söhbətiniz orijinal görünəcək. Güclü insanlar daha az danışaraq ətrafındakılara təsir edir və yaxud onları qorxudur. Çünki nə qədər çox danışsanız, mənasız bir fikir söyləmə ehtimalınız da o qədər artar.
Həmçinin, rəhbərinizdən əvvəl dodaqlarınızı belə tərpətməyin. Unutmayın, sonuncu danışan qazanır.
Güc bir çox cəhətdən zahiri görünüşlə əlaqələndirildiyi üçün az danışdıqda fəaliyyətinizdən asılı olmayaraq olduğunuzdan daha güclü görünürsünüz. Səssizliyiniz insanları narahat edir, çünki onlar şərh və izahat gözləyirlər; nə düşündüyünüzü bilmək istəyirlər. Əgər danışdıqlarınıza diqqət etsəniz, niyyətlərinizi və fikirlərinizi öyrənə bilməyəcəklər. Sizin qısa cavablarınız və susqunluğunuz onların səhvlər etməsinə və öz zəifliklərini göstərməsinə səbəb olacaq.
Bütün bunlarla yanaşı, sakit qalmağın əleyhinizə olduğu vaxtlar da mövcuddur. Bu hal rəhbərlərinizi şübhələndirə və sizə olan inamlarını azalda bilər.
5-ci Qanun: Bir çox şey şöhrətə əsaslanır: onları nəyin hesabına olursa olsun qoruyun.
Şöhrət gücün əsasını təşkil edir. Yalnız şöhrət vasitəsilə insanları qorxuda və uğur qazana bilərsiniz; Ancaq bir dəfə səhv etsəniz, müdafiəsiz və hər iki tərəfdən hücuma məruz qalacaqsınız. Xüsusilə də, şöhrəti ilk dəfə əldə etdikdə, diqqətli, hücumlara hazırlıqlı olmalı və yaxşı müdafiə olunmalısınız. Buna görə də, şöhrətinizin toxunulmaz olmasını təmin edin. Mümkün hücumlara qarşı ayıq olun və onlar özünü göstərməzdən əvvəl qarşısını alın.
6-cı Qanun: Nəyin bahasına olursa olsun, diqqəti özünüzə cəlb edin.
Hər şey görünüşlə qiymətləndirilir. Görünməyən şey dəyərsizdir. Buna görə də, nəyin bahasına olursa olsun, diqqəti özünüzə cəlb edin. İnsanlar fəaliyyətlərini proqnozlaşdıra bildikləri insanların yanında özlərini üstün hiss edirlər. Pis şöhrətdən çəkinməyin, onu qəbul edin və həmişə insanların gözləmədikləri şeylər edin, kütlənin içərisində diqqəti özünüzə cəlb edin. Yadda saxlayın, getdikcə adiləşən və bəsitləşən dünyada qeyri-adiliklər diqqəti cəlb edir. Nə etdiyinizi və yaxud nə etməyi planlaşdırdığınızı heç vaxt açıq şəkildə göstərməyin. Çünki sirr gözlənti yaradır.
Sirli görünmək üçün;
- Az danışın,
- Qəsdən ziddiyyətli şərhlər edin,
- Ətrafınızdakıların sizinlə bağlı fikirlərini idarə edin.
7-ci Qanun: İşinizi başqalarına gördürün, ancaq tərifləri özünüz qəbul edin.
Öz məsələnizi həll etmək üçün digər insanların müdrikliyindən, savadından və əməyindən istifadə edin. Bu dəyərli olan vaxt və enerjinizə qənaət etmək imkanı yaratmaqla yanaşı, həm də sizə sürət və məhsuldarlıq kimi ilahi xüsusiyyətlər bəxş edəcək. Nəticə etibarilə, köməkçiləriniz yaddan çıxacaq və siz xatırlanacaqsınız. Bir sözlə, başqalarına gördürə biləcəyiniz işləri özünüz görməyin.
8-ci Qanun: İnsanları yanınıza gəlməyə məcbur edin; zəruri olduqda tələ yemindən istifadə edin.
Hər hansı bir insanı fəaliyyətə məcbur etdiyiniz zaman nəzarət sizin əlinizdə olur. Rəqibinizin sizə gəlməsini təmin etmək, onun öz planlarından imtina etməsi üçün çalışmaqdan daha yaxşıdır. Onlara mükəmməl faydalar təqdim edin, sonra isə hücuma keçin. Kartları öz əlinizdə saxlayın.
Yadda saxlayın: gücün mahiyyətini təşəbbüslərdən istifadə etmək, başqalarını fəaliyyətinizə reaksiya verməyə məcbur etmək, rəqibinizi və ətrafınızdakı insanları müdafiə vəziyyətində saxlamaq bacarığı təşkil edir. Nəzarət imkanı olan insanlar gücə malikdir. Bu mövqeyə çatmaq üçün etməli olduğunuz iki şey var: Hisslərinizi idarə etmək və qəzəbin təsirinə düşməmək. Uzunmüddətli perspektivdə başqalarını sizə gəlməyə məcbur etmək bacarığı hər hansı hücum silahından daha güclüdür.
9-cu Qanun: Mübahisələrlə yox, fəaliyyətlərinizlə uğur qazanın.
Mübahisə etmək əvəzinə göstərmək daha inandırıcı bir davranışdır.
Düşündüyünüz hər hansı bir ani zəfər, əslində qürursuz bir zəfərdir: çünki əsəbiniz və xəstəliyiniz hər hansı bir baxışınızın dəyişməsindən daha uzun müddətli və daha güclüdür. Öz fəaliyyətlərinizi digər insanlara heç nə demədən qəbul etdirmək daha güclü bir üsuldur; yəni izah etmək yox, sübut etmək daha güclü təsirə malikdir. Müəllifin fikrincə, sözlər bir ovuc qəpikdir. Hamı bilir ki, biz inandıqlarımızın doğruluğunu göstərmək üçün nəsə deyəcəyik. Biz Müqəddəs Kitabdan sitat gətiririk, qeyri-dəqiq statistikaya əsaslanırıq və s. Bu sözlərə kim inanır? Buna görə də konkret fəaliyyət və nümayişin təsiri daha güclüdür.
10-cu Qanun: Yoluxucu xəstəlik: Bədbəxt və uğursuz olanlardan uzaqlaşın.
Başqasının dərdləri ucbatından ölə bilərsiniz - emosional vəziyyət xəstəlik kimi yoluxucudur. Yardıma ehtiyacı olan bir insana kömək etdiyinizi düşünə bilərsiniz, ancaq əslində, özünüzü bədbəxtliyə aparırsınız. Bəxtsiz insanlar bir çox hallarda özləri üçün bədbəxtlik yaradırlar; onlar sizi də bu bədbəxtliyə daxil edəcəklər. Bu cür insanlarla ünsiyyət qurmaq əvəzinə, xoşbəxt və şanslı insanlarla əlaqələr yaradın. Məsələn, əsəbi olduqda sakit bir insanla gəzin və ya optimist bir insanla söhbət edin.
11-ci Qanun: İnsanları özünüzə bağlamağı öyrənin.
Azadlığınızı qorumaq üçün həmişə ehtiyac duyulan və axtarılan bir insan olmalısınız. Sizə nə qədər çox güvənsələr, o qədər çox azad olacaqsınız. İnsanları xoşbəxtlik və firavanlıq üçün özünüzdən asılı vəziyyətə salsanız, qorxmağa heç bir şeyiniz olmayacaq. Onlara sizsiz reallaşdıra biləcəkləri heç bir şeyi öyrətməyin.
Güc insanlara istədikləri kimi davranmaq imkanı verir. İnsanları məcbur etmədən və ya onlara zərər yetirmədən bunu reallaşdıra bilsəniz, onlar həm arzu etdiklərinizi sizə verəcək, həm də gücünüz toxunulmaz olacaq.
12-ci Qanun: Qurbanlarınızı müdafiəsiz qoymaq üçün fərdi dürüstlük və səxavətlilikdən istifadə edin.
Bəzən cəmi bir səmimi fəaliyyət onlarla digər yanlış hərəkəti ört-basdır edir. Dürüstlük və səvaxətlə reallaşdırılan hər hansı bir fəaliyyət ən skeptik insanları belə sizin müdafiəçinizə çevirə bilər. Beləliklə, nəsə almağa hazırlaşdığınız vaxtlarda, həm də verməlisiniz. Əlverişli xeyirxahlıqlardan istifadə edərək aldatmanın ən mühüm prinsipi olan diqqəti başqa istiqamətə yönləndirməni reallaşdıra bilərsiniz. Vaxtında verilən hədiyyə - Troya atı – güclü bir məqsədə xidmət edəcək.
Aldatmağın əsasını diqqəti yayındırmaq təşkil edir. Aldatmaq istədiyiniz insanları narahat etmək sizə onların diqqət yetirmədiyi bir sahədə istədiyinizi reallaşdırmaq imkanı verir. Xoş, alicənab və ya dürüst bir davranış bir çox hallarda bu oyunun ən güclü forması kimi çıxış edir, çünki o digər insanların şübhələrini aradan qaldırır.
13-cü Qanun: İnsanlardan nəsə xahiş etdikdə onların mərhəmətinə yox, maraqlarına fokuslanın.
Güc axtarışı prosesində tez-tez özünüzdən daha güclü insanlardan kömək istəməli olacaqsınız. Kömək istəmə sənəti köməyə ehtiyacı olan insanları anlamaq və öz ehtiyaclarınızı onlarınkı ilə qarışdırmamaq sənətidir.
Kömək üçün müttəfiq seçmək istəyirsinizsə, keçmişdə etdiyiniz yardım və yaxşılıqlarınızı xatırlatmayın. Çünki bu halda qarşınızdakı şəxs sizi görməzlikdən gəlmək üçün bir yol tapacaq. Buna görə də, tələbinizdə və ittifaqınızdakı ortaq mənfəətləri üzə çıxarın və onları vurğulayın. İnsanlar öz mənafelərinə uyğun gələn çağırışlara daha tez və həvəslə cavab verirlər.
14-cü Qanun: Dost kimi görünün, casus kimi işləyin.
Rəqibini tanımaq vacibdir. Bir addım qabaqda olmağınıza imkan verən məlumatları əldə etmək üçün cəsuslardan istifadə edin. Daha yaxşı isə özünüzün cəsus kimi hərəkət etməyinizdir. Sosial mahiyyətli görüşlərdə səmimi söhbətlər vasitəsilə istədiyiniz məlumatları əldə edə bilərsiniz. İnsanlara onların zəifliklərini və niyyətlərini üzə çıxaran dolayı suallar verin. Cəsusluq üçün fürsət olmayan hər hansı bir vəziyyət mövcud deyil.
Güc sahəsindəki məqsədlərinizdən biri həm də gələcəkdə baş verəcək hadisələrə əvvəlcədən nəzarət etməkdir. Bu zaman qarşılaşdığınız əsas problemlərdən biri də insanların öz düşüncələrini, hisslərini və planlarını sizə açıq şəkildə büruzə verməməsidir. Onların dediklərini yoxladıqda çox vaxt öz xarakterlərinin ən vacib tərəflərini, zəif cəhətlərini və problemli xüsusiyyətlərini gizlətdiklərini görə bilərsiniz. Nəticə etibarilə, başqalarının fəaliyyətlərini qabaqcadan proqnozlaşdırmaq mümkün olmur. Ancaq əsl hünər onların sirlərini və gizli niyyətlərini, həmçinin nə etdiklərini öyrənməyin bir yolunu tapmaqdır. Əslində bu fikirləşdiyiniz qədər çətin deyil. Dostluq kartından istifadə edərək gizli formada dostlarınız və düşmənləriniz haqqında məlumat əldə edə bilərsiniz.
Daha çox dinləyin və daha az danışın. Beləliklə, insanlar sizə öz sirrlərini danışmağa başlayacaqlar, qiymətli məlumatlar verəcəklər. Yanlış (və ya əhəmiyyətsiz) bir sirrinizi onlara bölüşməklə qarşınızdakı insanın rahatlamasına və həqiqi bir sirri danışmağına imkan yarada bilərsiniz.
15-ci Qanun: Düşməninizi tamamilə darmadağın edin.
Musanın dövründən etibarən bütün böyük liderlər qorxulu bir düşmənin tamamilə darmadağın edilməli olduğunu bilirlər. Yadda saxlayın ki, gücləndikcə düşmənlər qazanacaqsınız. Bu gücü əlinizdə saxladıqca isə düşmənləriniz daha çox artacaq. Həmin düşmənlərə fərdi yanaşmayın; bu, gücün mənfi təsirlərindən biridir. Düşmənlərinizin ətrafınızda fırlanmağına icazə verməyin. Onlara qarşı mərhəmətli davransanız, vaxt keçdikcə güclənəcəklər və sizə qarşı hücuma keçəcəklər. Küncə sıxışdırılanlar bütün qüvvəsi ilə mübarizə aparır. Buna görə də onlara qaçmağa imkan verin; qoyun qaçsınlar və yorulsunlar. Sonra onları yaxalayın və darmadağın edin.
16-cı Qanun: Şəxsinizə olan hörməti və şərəfinizi artırmaq üçün yoxluqdan istifadə edin.
İlk növbədə, hamı tərəfindən sevilən, axtarılan və ehtiyac duyulan bir insana çevrilin. Bundan sonra bir müddətlik yoxa çıxmaq sizə olan hörməti və şərəfinizi artıracaq. İnsanlar üçün əvəzsiz olacaqsınız. Ancaq vaxtsız yox olmaq əlinizdə olan gücü tamamilə itirməyinizə səbəb olacaq. Buna görə də, nə vaxt getməli olduğunuzu bilməlisiniz.
Dünyadakı hər şey varlıqdan və yoxluqdan asılıdır. Güclü bir mövcudluq sizdə güc və maraq yaradır: buna görə də ətrafınızdakı hər şeydən daha parlaq görünün. Ancaq mövcudluğun artıqlığının qaçılmaz bir təsiri də mövcuddur: belə ki, bir şeyi nə qədər tez-tez görsəniz və ya eşitsəniz, onun dəyəri o qədər azalır. O vərdişə çevrilir. Bu hal sizin mövcudluğunuzda da eyni nəticəni göstərəcək. Buna görə də, insanlar sizi qeyri-şüuri olaraq uzaqlaşdırmazdan əvvəl özünüz geri çəkilməlisiniz. Bu gizlilik və axtarış oyunudur.
17-ci Qanun: Hərəkətlərinizin əvvəlcədən proqnozlaşdırılmasının qarşısını alaraq digər insanları qorxudun.
İnsanlar digərlərinin davranışlarında oxşarlıq axtarmaqdan yorulmayan canlılardır. Sizin əvvəlcədən müəyyənləşdirilə bilən olmağınız onlara nəzarət hissi verir. Vəziyyəti dəyişdirin: proqnozlaşdırılmayan bir insan olun. Qətiyyətlilik və yaxud məqsədə uyğun olmayan fəaliyyətlər onların balansını pozacaq və özlərini təkrarlayacaqlar. Bu strategiya həddindən artıq tətbiq edildikdə, insanları qorxudur. Əvvəlcədən təxmin edilməzlik hörmət və maraq yaradır.
18-ci Qanun: Qorunmaq üçün qalalar tikməyin - Özünü cəmiyyətdən ayırmaq təhlükəlidir.
Dünya təhlükəlidir və düşmən hər yerdə var - hər kəs özünü qorumalıdır. Bəzən qala ən təhlükəsiz yer kimi görünür. Ancaq özünü digər insanlardan uzaqlaşdırmaq sizi qorumaqla yanaşı, həm daha çox təhlükəyə məruz qoyur – sizi qiymətli məlumatlardan uzaqlaşdırır, gözə çarpan və daha asan hədəfə çevrilirsiniz. İnsanlar arasında gəzişmək, özünə müttəfiqlər tapmaq daha yaxşıdır. Kütlənin içərisində düşmənlərinizdən qorunacaqsınız. Buna görə də, keçmiş dostlarınızı tapın və yeni dostlar qazanın. Yadda saxlayın ki, güc qazanmaq üçün özünüzü hər şeyin mərkəzinə yerləşdirməlisiniz.
19-cu Qanun: Kiminlə rəqs etdiyinizə əmin olun.
Dünyadakı bütün insanlar fərqlidir və hamının strategiyanıza eyni reaksiyanı verəcəyini düşünməməlisiniz. Bəzi insanları aldatmağa çalışsanız, onlar həyatlarının qalan hissəsində sizdən qisas almağa çalışacaqlar. Onlar quzu kimi görünən canavarlardır. Qurbanlarınızı və rəqiblərinizi diqqətlə seçin, beləliklə, heç vaxt yanlış insanı əsəbləşdirməyəcək və aldatmayacaqsınız.
Müəllifin müəyyən etdiyi insan tiplərinin bəziləri bunlardır:
- Təkəbbürlü və qürurlu insan: Başlanğıcda saf görünsə də, sonradan təhlükəli insana çevrilə bilər. Həddən artıq həssaslıq və qürur hiss etdikdə bu insanlardan uzaqlaşın.
- Həddindən artıq inamsız insan: Belə bir insan hücumunuzu hiss edərsə, yox olmalısınız. O, sizi kiçik addımlarla öldürə bilər.
- Cənab Şübhə: Başqalarının onun əleyhinə çevrilməsi üçün onun öz skeptikliyindən istifadə edin.
- Güclü yaddaşa sahib insan: Bu insanları incitsəniz və yaxud aldatsanız, onlar üzdə sizə heç bir qəzəb göstərməyəcəklər. Onlar proqnozlar edəcək və gözləyəcəklər. Vəziyyət dəyişdikdən sonra isə soyuqqanlı hiyləgərliklə qisas alacaq. Onları ya tamamilə darmadağın edin, ya da özünüzdən uzaq saxlayın.
- Bəsit, iddiasız və adətən ağıllı olmayan insan: Hiyləgərlik zəka və təxəyyül tələb edir. Bu cür insanlar anlaya bilmədiyi üçün verdiyiniz yemi yeməyəcək. Buna görə də, vaxtınızı və enerjinizi boş yerə xərcləmiş olacaqsınız.
20-ci Qanun: Heç kəsə bağlanmayın.
Həmişə kiminsə tərəfini saxlamaq üçün tələsən insan axmaqdır. Hər hansı bir tərəfə və ya səbəbə deyil, özünüzə söz verin. Öz müstəqilliyinizi qorumaqla digər insanların rəhbəri ola bilərsiniz – insanları bir-birinə qarşı oynada bilər və özünüzə tabe edə bilərsiniz.
İnsanların sizə sahib olmağına icazə versəniz, onların üzərindəki bütün gücünüzü və hakimiyyətinizi itirəcəksiniz. İnsanlara ümid verin, ancaq məmnuniyyət verməyin. Güc əksər hallarda görüntüyə əsaslandığı üçün imicinizi gücləndirmək üçün bəzi fəndlər öyrənməlisiniz.
İnsanlar sizi öz mübahisələrinə cəlb etməyə çalışdıqda onları dəstəkləyin, ancaq eyni zamanda, neytral qalmaq üçün bir yol axtarın. Digər insanların arasında mübahisələri həll etmək sizi daha da gücləndirəcək. Bunun üçün bəzən insanlar arasında “problemlər” yarada və sonra onları həll edərək güc qazana bilərsiniz.
21-ci Qanun: Sadəlövh insanları tovlamaq üçün onlar kimi görünün – Olduğunuzdan daha axmaq görünün.
Kimsə digərindən daha axmaq görünmək istəmir. Bu hiylə qurbanlarınıza özünü ağıllı hiss etdirməklə bağlıdır – təkcə ağıllı yox, həmçinin sizdən daha ağıllı. Onları bir dəfə buna inandırdıqdan sonra şübhələnmək üçün heç bir əsasları qalmır. Müəllifin fikrincə, hər hansı bir insan digər insanlar tərəfindən “həqiqətən” bəyənilmək istəyirsə, onlardan daha axmaq görünməlidir.
22-ci Qanun: Təslimolma taktikasından istifadə edin, zəifliyinizi gücə çevirin.
Rəqibinizdən daha zəif olduqda, qürurunuza məğlub olmayın. Təslim olun, qüvvələrinizi bərpa edin və güclənin. Ona sizə qalib gəlməyin həzzini yaşatmayın. Təslim olmaq sizə vaxt qazandıracaq və beləliklə, rəqibiniz zəiflədikdə və sizdən hücum gözləmədiyi bir vaxtda onu məğlub edin. Yadda saxlayın, təslim olmaq əslində bir güc silahıdır.
23-cü Qanun: Gücünüzü əsas məsələlərə fokuslayın.
Gücünüzü və enerjinizi əsas məsələlərə fokuslayaraq qoruyun. Müasir dövrdə dünya ölkələr, siyasi qruplar, ailələr və hətta fərdlər daxilində baş verən bölünmələrdən narahatdır. Biz minlərlə insan tərəfindən yayındırılmazdan əvvəl diqqətimizi bir nöqtədə saxlamağı bacarmırıq və tamamilə dağılma və yayınma vəziyyətindəyik. Müasir dünyadakı qarşıdurma səviyyəsi həmişəkindən daha yüksəkdir və biz özümüz də bunu daxilən mənimsəmişik. Bunun həlli isə özümüzə və keçmişimizə daha yaxşı düşüncə və fəaliyyət formaları ilə fokuslanmaqdır.
24-cü Qanun: Əsl saray üzvü kimi davranın.
Əsl saray üzvü hər şeyin hakimiyyət və siyasi bacarıq ətrafında cərəyan etdiyi bir dünyada formalaşır. Saray siyasətinin bəzi özünəməxsus qanunları var. Bu qanunlar tarix boyunca sarayda, yəni siyasətin ən güclü və ağrılı olduğu yerlərdə formalaşıb. Robert Qrin bir çox tarixi hadisələri nəzərdən keçirib və aşağıdakı qanunları müəyyən edib:
- Dəbdəbədən yayının. Özünüz haqqında çox danışmayın.
- Həddən artıq səy göstərdiyinizi hiss etdirməyin.
- Kompliment məsələsində xəsis olun. Dolayı yollarla tərif edin. Məsələn, “Çox gözəl görünürsən” deməyin heç bir dəyəri yoxdur. “Mən bu problemi sizin sayənizdə həll etdim” və ya “X sayəsində bu problemi həll edə bildim” (bu məlumatın X-ə çatacağını bildiyiniz təqdirdə) demək daha qiymətlidir.
- Nəzərə çarpmaq üçün çalışın. Digərlərindən fərqli olun.
- İşlədiyiniz şəxsə uyğun olaraq üslubunuzu dəyişin.
- Heç vaxt pis xəbərləri çatdıran şəxs olmayın. Ancaq yaxşı xəbərlərlə gəlin. Bu halda, rəhbəriniz və digər insanlar sizi gördükləri üçün sevinəcəklər.
- Rəhbərinizə dostunuz kimi yanaşmayın.
- Rəhbərlərinizi birbaşa tənqid etməyin. Tərif kimi tənqidlər də birbaşa olmamalıdır.
- Rəhbərlərinizdən kömək istəyərkən “qənaətcil” davranın. Xahiş edən şəxs olmaq əvəzinə, həmin yaxşılığa layiq olun. Əsas məsələ odur ki, rəhbərlərinizdən başqaları üçün yaxşılıq istəməyin.
- Hər şeyə sarkazmla yanaşmayın. İnsanların uğurlu fəaliyyətlərini təqdir edin. İnsanları daim tənqid etməkdən qaçın.
- Özünüzü müşahidə edin. Özünüzü, sözlərinizi və davranışınızı müşahidə edərək səhvlərinizi düzəldin.
- Hisslərinizi idarə etməyi öyrənin.
- Zamanın ruhuna uyğunlaşın. Keçmişdə və ya gələcəkdə yaşamayın.
- Həddindən artıq işləməyin. Vəzifənizin tələb etdiyi və bacarıqlarınızın imkan verdiyi şeyləri reallaşdırın.
25-ci Qanun: Özünüzü yenidən yaradın.
Cəmiyyətin verdiyi rolları qəbul etməyin. Yeni bir kimlik formalaşdıraraq özünüzü yenidən yaradın. Başqasının sizi təsvir etməsinə icazə verməkdənsə, öz imicinizin yaradıcısı olun. Həssas fəaliyyətlərinizə və hərəkətlərinizə təsir edən qeyri-adi vasitələrdən istifadə edin – güclü tərəflərinizi gücləndirin, beləliklə xarakteriniz olduğundan daha güclü görünəcək.
Anadan olanda sizinlə birlikdə olan obrazınız kim olduğunuzu tamamilə müəyyənləşdirmir; nəsildən miras qalan xüsusiyyətlərinizdən başqa valideynləriniz, dostlarınız və ətraf mühitiniz sizə şəxsiyyətinizi formalaşdırmağa kömək edir. Öz üzərinizdə işləmək ən böyük və ən güclü həyati məqsədlərinizdən biri olmalıdır.
26-cı Qanun: Əllərinizi çirkləndirməyin.
Əlləriniz səhvlər və pis işlər ucbatından heç vaxt çirklənməməlidir. Səhvlərinizi gizlədin. Ətrafınızda səhvlərinizi öz üzərinə götürə biləcək bir “günah keçisi” olsun. Hamı səhv edir, ancaq təkcə ağıllılar onları gizlədirlər. Qurban verə biləcəyiniz insanlar ətrafınızda olmalıdır. Üzr istəyərək digər insanlarda qabiliyyətləriniz, niyyətləriniz və etiraf edə bilmədiyiniz əvvəlki səhvlərinizlə bağlı şübhə formalaşdıracaqsınız. Üzr istəmək günahkar kimi görünməyinizə səbəb olacaq. Buna görə də, xoşagəlməz işləri başqalarına gördürün. Siz şad və xoş xəbərlərin müjdəçisi olun!
27-ci Qanun: Özünüzə tərəfdarlar tapmaq üçün insanların inanma ehtiyacından istifadə edin.
İnsanlarda nəyəsə inanmaq üçün qeyri-adi bir istək var. Onlara bir səbəb və ya inam verərək bu istəyin mərkəzinə çevrilin. Sözləriniz qeyri-müəyyən, lakin ümidverici olsun. Məntiq və aydın düşüncə əvəzinə, həvəsə fokuslanın. Yeni ardıcıllarınıza reallaşdıra biləcəkləri mərasimlər verin və sizin üçün fədakarlıq etmələrini istəyin.
Robert Qrin kult yaratmağın beş addımını göstərir:
1. Sadə və qeyri-müəyyən olun. İlk növbədə diqqəti cəlb etməlisiniz. Bunu açıq və aydın şəkildə yox, qeyri-müəyyən və aldadıcı sözlərlə reallaşdırın.
2. İntellektdən çox vizual və emosional olanlara fokuslanın. İnsanlar ətrafınıza toplaşmağa başladıqda iki təhlükə özünü göstərir: Çətinlik və şübhə.
3. Qrupu formalaşdırmaq üçün din formalarından ilham alın. Ardıcıllarınız üçün mərasimlər yaradın; onları iyerarxiyaya tabe edin, müqəddəsliyinə görə sıralayın, kassalarınızı doldurmaq üçün fədakarlıq etmələrini xahiş edin.
4. Mənfəət mənbəyinizi gizləyin. Ardıcıllarınız kassanızın onları pulları ilə dolduğunu bilməməlidirlər. Bunun əvəzinə, onları pulların tətbiq etdiyiniz üsulların düzgünlüyündən gəldiyinə və onların da həmin üsulları tətbiq edəcəyi təqdirdə zəngin olacağına inandırın.
5. Bizə qarşı onlar. Diqqətli olmasanız qrup böyüdükcə durğunluq başlayacaq, vaxt və narahatlıq onun dağılmasına səbəb olacaq.
28-ci Qanun: Cəsarətlə hərəkət edin.
Hər hansı bir fəaliyyət formasından əmin deyilsinizsə, onu sınaqdan keçirməyin. Şübhələriniz və tərəddüdləriniz fəaliyyətinizə təsir edəcək. Utancaqlıq, tərəddüd və şübhə ilə addım atmaq təhlükəlidir. Ancaq cəsarətlə işləmək daha yaxşıdır. Cəsur insana hamı heyran olur, ancaq utancaq insana heç kəs hörmət eləmir. Tərəddüd qarşınıza maneələr çıxarır, ancaq cəsarət həmin maneələri aradan qaldırır.
Plan hazırlayarkən, müsahibəyə gedərkən; planlaşdırdığınızdan daha qabağa gedin. İnsanların başqalarının zəifliyini anlamaqla bağlı 6-cı hissləri var. Əgər ilk görüşdəcə uzlaşmağa və ya geri çəkilməyə hazır olduğunuzu göstərsəniz, insanların daxilindəki şiri üzə çıxaracaqsınız. Cəsarətli bir hərəkət isə sizə olduğunuzdan daha güclü görünməyə imkan verəcək.
29-cu Qanun: Hər şeyi sonuna qədər planlaşdırın.
Nəticə hər şeydir. İşlərinizi tərsinə çevirəcək və digər insanlara uğur qazandıra biləcək bütün mümkün nəticələri, maneələri nəzərə alın və hər şeyi sonuna qədər planlaşdırın. Bu yolla şəraitdən asılı olmayacaq və nə vaxt dayanmalı olduğunuzu biləcəksiniz. İnsanların səhvlərinin ən çox yayılmış səbəbi onların mövcud təhdidlərdən çox və gələcək təhdidlərdən isə çox az qorxmasıdır.
Yaddan çıxarmayın ki, nəticələr aydın olmalıdır və siz onları davamlı olaraq nəzərinizdə saxlamalısınız. Həmçinin, ətrafınızda fırlanan və yaratdığınız hər şeydən faydalanmağa çalışan qırğılardan qorunmalı və onların fəaliyyətlərindən xəbərdar olmalısınız. Narahatlıq və qeyri-müəyyənlik, adətən insanların öz fəaliyyətlərini sonuna qədər davam etdirməsinə mane olur.
30-cu Qanun: Uğurlarınızı çox səy göstərmədən qazanırmış kimi göstərin.
Sizin hərəkətləriniz təbii və asanlıqla reallaşdırılmış kimi görünməlidir. Bu prosesdə apardığınız bütün mübarizələr, təcrübələr və hiylələr gizlədilməlidir. Məsələn, Stiv Cobsun natiqliq etdiyi Apple təqdimatlarını göstərə bilərik. Bu təqdimatlar həddindən artıq təbii görünməyinə baxmayaraq, əslində hansı işığın nə vaxt daha güclü parıldayacağına, hansı əməkdaşın hansı jurnalistə nə deyəcəyinə qədər hər bir detal planlaşdırılır.
İstifadə etdiyiniz hiylələri hamıya öyrətməyin; daha sonra onları sizə qarşı istifadə edəcəklər. Müəllif aşağıdakıları təklif edir:
- Ağıllı insan hörmət istəyirsə, bilik və bacarıqlarını sonuna qədər göstərməməlidir. O, onları görməyə imkan verir, ancaq anlamağa yox!
- İşlərinizi və hiylələrinizi özünüzə saxlayın, ilahi zərifliyə və rahatlığa qovuşun.
- İnsanlar arasındakı hərəkətləriniz sənət əsəri kimidir; vizual cazibədarlığı olmalı, gözlənti yaratmalı, hətta əyləndirməlidir.
- Fəaliyyətləriniz nə qədər sirli olarsa, o qədər güclü görünərsiniz.
31-ci Qanun: Seçimləri yoxlayın.
Ən yaxşı saxtakarlıqlar insanların seçim hüququ olduğu düşüncəsi yaradanlardır. Seçimləri yoxlayaraq insanların seçimlərinin sizin leyhinizə olması üçün çalışın. Müəllif “seçimləri yoxlamaq” üçün aşağıdakıları tətbiq etməyi tövsiyə edir:
- Seçimləri rəngləndirin. Əgər seçimləriniz kiminsə xətrinə dəyəcəksə və yaxud kimisə qorxudacaqsa, onlara bir neçə variant təqdim edin və öz variantınızın daha yaxşı görünməsinə şərait yaradın.
- Etiraz edənləri məcbur edin. Bu üsul adətən deyilənin əksini edən uşaqlar və inadkarlar üçün tətbiq edilir; öz fikrinizin əksini müdafiə edərək onların sizin fikrinizi seçməsinə imkan yaradın.
- Oyun sahəsini dəyişdirin. Bu üsul istənilən vəziyyətdə inadkarlıq göstərənlər üçündür.
- Seçimləri azaldın. Narahat və qərarsız müştərilər üçün seçimlərin sayını azaldın. Gün keçdikcə daha keyfiyyətsiz bir məhsulu daha bahalı qiymətə təqdim edin. Beləliklə, onlar variantların azaldığını hiss edəcəklər.
- Uçurumun kənarındakı zəif insan texnikası. Bu üsul zəif və qorxaq insanlar üçündür. Onlara uçurumun kənarında dayandıqlarını və tutmalı olduqları əlin sizin əliniz olduğunu hiss etdirin.
- Cinayət ortaqları. Qurbanlarınızı hər hansı bir cinayət planına daxil etməklə, onlarla müəyyən bir bağlılıq yaradırsınız. Onlar sizin hiylənizdə iştirak edir, cinayət törədir və yaxud törətdiklərini düşünürlər. Bu isə seçimləri məhdudlaşdırır.
- Qərarsız qalmaq. Sürətlə hərəkət etməlisiniz. Qurbanınıza qaçmaq üçün fikirləşmək imkanı verməməlisiniz.
32-ci Qanun: İnsanların fantaziyaları ilə oynayın.
İnsanlar adətən, xoş olmadığı üçün həqiqətdən qaçırlar. Güclü olmaq üçün ətrafınızdakı insanların sevimlisi olmalısınız və bu sevimlilik onların fantaziyaları ilə oynamaqdan gəlir. Həyat çox qəddar və kədərlidir; romantika və ya fantaziya yaradan insanlar səhrada vahə kimidir: hamı onlara tərəf irəliləyir. Böyük bir dəyişiklik vədi verdiyiniz halda, çoxsaylı tərəfdarlarınız olacaq. Fantaziya tək başına işləmir. Həqiqətin ağırlığı onun formalaşmasına və güclənməsinə səbəb olur.
33-cü Qanun: İnsanların zəif tərəflərini kəşf edin.
Hamının ən azı bir zəif tərəfi var. Bu zəiflik inamsızlıq, nəzarət olunmayan bir hiss və ya ehtiyac ola bilər; o həmçinin kiçik gizli bir həzz də ola bilər. İstənilən halda həmin zəiflik öyrənildikdə öz sahibinə qarşı üstünlük kimi istifadə edilə bilər. Zəifliyi öyrənməyin ən yaxşı yollarından biri gündəlik söhbətlərdir. Qayğıkeş davranın; anlayışlı bir münasibət hamını danışmağa vadar edir. Hər hansı bir insanın zəif tərəflərindən şübhələnirsinizsə, onu dolayı yollarla araşdırmalısınız. Məsələn, kiminsə sevilməyə ehtiyacı olduğunu görürsünüzsə, onu açıq şəkildə tərfiləyin. Əgər həmin şəxs təriflərinizə inanıb qəbul edirsə, deməli düz yoldasınız.
Üzdə görünən bir xüsusiyyət adətən öz əksini gizlədir. Məsələn, həddindən artıq əxlaqlı bir xarici görünüş şəhvətpərəst bir ruhu gizlədə, yaxud da utancaq bir insan əslində diqqət mərkəzində olmağı istəyə bilər. Görünüşün arxasındakı zəifliyi taparaq uğur qazana bilərsiniz.
34-cü Qanun: Hökmdar kimi görülmək istəyirsinizsə, özünüzü hökmdar kimi aparın.
Özünüzü müdafiə etmə tərziniz sizə necə davranılacağını müəyyən edir; kobud və ümumi davranışlar uzun müddətli perspektivdə sizə olan hörməti azaldır. Çünki əsl hökmdar özünə hörmət edir və digər insanlarda da hörmət hissi yaradır. Digər insanlardan fərqlənməyin bir üsulu da vəziyyətin necə olmasından asılı olmayaraq, təmkinlə hərəkət etməkdir. Müəllif psixoloji hiylələri gücləndirməyi tövsiyə edir:
- Cəsarətli tələblər edin.
- Ən yüksək pillədəki rəhbəri izləyin.
- Rəhbərlərinizə hədiyyə verin.
Öz dəyərinizi müəyyənləşdirmək sizdən asılıdır. Yüksək dəyər hətta sizdən imtina edənlərdə belə hörmət yaradır. Yaddan çıxarmayın, özünüzü digər insanlardan fərqləndirmək bu məsələnin əsasını təşkil edir. Ancaq məsələni şişirtsəniz, yaxud da insanları özünüzdən aşağı görsəniz təhlükə özünü göstərəcək. Kütlə daxilində çox yüksəlmək daha asanlıqla hədəfə çevrilməyinizə səbəb olacaq.
35-ci Qanun: Vaxtı idarə etmə sənətini öyrənin.
Heç vaxt tələsməyin – tələsmək həm özünüz, həm də vaxt üzərində nəzarəti itirməyinizə səbəb olacaq. Həmişə səbrli görünün, axırda hər şey sizə gələcəkmiş kimi davranın.
Məşğul olmalı olduğunuz 3 vaxt var:
- Uzun müddətli vaxt. Bu vaxt səbr və rəhbərlik ilə idarə olunmalıdır. O müdafiəçidir, instinktiv reaksiya verməmək və fürsət gözləmək sənətidir.
- Çətin vaxt. Bu vaxt təcavüzkar bir silah kimi istifadə edilə bilər; onun vasitəsilə rəqibinizin vaxtla bağlı planlarını poza bilərsiniz. Bunu onları tələsdirərək, gözlədərək və sürətlərini dəyişdirərək edə bilərsiniz. Vaxt məhdudiyyəti rəqibi hazırlıqsız qoyur.
- Bitmə vaxtı. Tərəddüd etməyin! Nəticənin gəlməsini gözləmək olar, ancaq məsələni həll etməli olduğunuz həmin vaxt gəldikdə, tərəddüd etsəniz hər şeyi pozacaqsınız.
36-cı Qanun: Əldə edə bilmədiklərinizi inkar edin; onlara diqqət yetirməmək ən yaxşı üsuldur.
Kiçik bir səhvi düzəltməyə çalışdıqda, onun daha böyük görünməsinə səbəb olacaqsınız. Buna görə də, onu düzəltməyə çalışmayın, onu vecinizə almayın. Hər hansı bir insana diqqət yetirdikdə, hərəkət və fəaliyyətlərinizi onunkulara uyğunlaşdırırsınız. Bu təşəbbüskarlıq qabiliyyətinin itirilməsinə səbəb olur. Kiçik bir insanla mübarizə aparmaq onu böyüdür; əgər onu incitsəniz digər insanların gözündə “zəiflik simpatiyası” qazanmasına səbəb olacaqsınız.
37-ci Qanun: Maraq yaradan görüntülərdən istifadə edin.
Cəlbedici şəkillər və simvolik jestlər güc mühiti yaradır; hamı onlara cavab verir. Fikirlərinizi müdafiə etmək üçün sözlərdən istifadə etməyin: çünki sözlər çox təhlükəli vasitələrdir və adətən insanları yanlış istiqamətləndirirlər. Ancaq görüntülər vasitəsilə diqqət mərkəzini dəyişdikdə, insanlar əslində nə etdiyinizi görməyəcək.
38-ci Qanun: İstədiyiniz kimi düşünün, ancaq başqaları kimi hərəkət edin.
Dövrə uyğun gəlməyən baxışlarınız, qeyri-ənənəvi fikirləriniz və qeyri-adi üsullarınız vasitəsilə özünüzü göstərsəniz, insanlar sizin sadəcə diqqət cəlb etməyə çalışdığınızı və onları aşağı gördüyünüzü düşünəcək. Orijinallığınızı təkcə anlayışlı dostlarınız və unikallığınızı qiymətləndirən insanlarla bölüşün. Az insanla birlikdə fikirləşin, ancaq çox insanla danışın. Fikirlərinizi sizi anlaya biləcək insanlar üçün “gizli” şəkildə ifadə etməyin bir yolunu tapın.
39-cu Qanun: Balıqları tutmaq üçün suyu bulandırın.
Qəzəb və emosiya strateji cəhətdən səmərəsizdir. Həmişə sakit və obyektiv olmalısınız. Özünüzü sakit saxlayaraq düşməninizi qəzəbləndirə bilsəniz, güclü üstünlük əldə edərsiniz.
Qəzəb reaksiyaları ilə bağlı əsas məsələ odur ki, onlar bəzi hallarda qorxu və terror yarada bilər. Ancaq əsəbiniz keçdikdən sonra başqa reaksiyalar özünü göstərir. Hər hansı bir insan sizin üzərinizə öz qəzəbini tökürsə və bu sizin etdiklərinizə nəzərən şişirdilmiş bir reaksiyadırsa, bu qəzəbin xüsusi olaraq sizə yönləndirilmədiyini özünüzə xatırladın. Həmçinin yadınızda saxlayın ki, qəzəb seçimləri azaldır və güclü insanlar seçimlər olmadıqda fəaliyyət göstərə bilməz. Bunlarla yanaşı, yaxşı planlaşdırılmış və vaxtında reallaşdırılan əsəb reaksiyaları sizin xeyrinizə ola bilər. Ancaq qəzəbiniz saxta və nəzarətdə olmalıdır.
40-cı Qanun: Pulsuz yeməyə qiymət verməyin.
Pulsuz təklif edilən şeylər təhlükəlidir – adətən onun arxasında hansısa hiylə və ya mənfəət gizlənir. Qiymətli olan şeylər üçün ödəniş edilməlidir. Ödəniş edərək minnətdarlıq, günahkarlıq və hiyləgər planlardan xilas ola bilərsiniz. Pul məsələsində ürəyi açıq olun və onun ətrafda dövr etməsinə icazə verin; çünki comərdlik gücün simvoludur və onu maqnit kimi özünə çəkir.
41-cı Qanun: Böyük adamın “ayaqqabılarını geyinməyə” çalışmayın.
Birinci gələn həmişə sonra gələnlərdən daha yaxşı və orijinal olur. Uğurlu bir şəxsin və yaxud məşhur bir ailənin izi ilə gedirsinizsə, onlardan daha çox uğur qazanmaq üçün onların əldə etdiklərini iki qat artırmalısınız. Onların kölgəsində və ya özünüzün yaratmadığınız bir keçmişdə azıb qalmayın: vəziyyəti dəyişdirərək öz adınızı və şəxsiyyətinizi yaradın. Əgər sizdən əvvəlkilər A, B, C və D-ni edibsə, siz E-ni reallaşdırmağa çalışın. Təqlid uğur gətirmir.
42-ci Qanun: Çobanı vurun, sürü dağılacaq.
Problem çox vaxt sadəcə bir fərdlə bağlı olur: bu şəxs təhrik edici, özündən razı və xoş niyyətlərdən istifadə edən bir şəxsdir. Onları tək qoyaraq və ya uzaqlaşdıraraq zərərsizləşdirin. Problemin mənbəyini müəyyənləşdirin. Aləmi qarışdıranlar adətən qrupun içərisində gizlənir və öz fəaliyyətlərini digərlərinin arasında gizlədirlər. Onların fəaliyyətlərini üzə çıxarmaqla zərərsizləşdirə bilərsiniz. Müəllifin fikrincə, düşməni kənarlaşdırmaq onu məhv etmək daha yaxşıdır. Beləliklə, daha az zalım görünərsiniz. Ən güclü kənarlaşdırma üsulu - düşmənləri güc mənbəyindən uzaqlaşdırmaqdır. Kənarlaşdırmanın digər bir üsulu da diqqəti yayındırmaqdır. Onları həmişəki sosial sahələrindən uzaqlaşdırsanız, sizə qarşı müdafiəsiz qalacaqlar.
43-cü Qanun: İnsanların qəlbləri və zehinləri üzərində işləyin.
Təzyiq gec ya tez sizin leyhinizə işləyən bir reaksiya yaradır. İnsanları aldararaq güclü müttəfiqlər yarada bilərsiniz. Bu isə psixoloji və fərdi zəiflikləri öyrənməklə mümkündür.
Həmişə ətrafınızdakı insanlara maraqla yanaşın. Onların psixoloji vəziyyətini anlamağa çalışın, onları aldatmaq və yoldan çıxarmaq üçün lazımi ifadələrdən istifadə edin (müəllif burada “çox gözəlsiniz” tipli komplimentləri nəzərdə tutmur). Dayandığınız yer nə qədər yüksəkdə yerləşirsə, sizdən aşağıda olanların qəlblərinə və zehinlərinə fokuslanmaq ehtiyacınız da o qədər artır. Beləliklə, baza formalaşdıra bilərsiniz. Bütün görüşlərdə ilk addımı geriyə doğru atın. Hesablama aparmaq üçün vaxt ayırın; hədəfinizin emosional vəziyyətini və psixoloji zəifliyini anlamağa çalışın. Yadda saxlayın, güc tətbiq etmək mübarizəni gücləndirir; bəzi insanlar üçün qəlb əsas açar rolunu oynayır.
İnsanların başlıca hisslərinə təkan verin: bunlar sevgi, nifrət, qısqanclıq və s.-dir. Onların hisslərini bir dəfə hərəkətə keçirdikdən sonra nəzarətlərini azaldırsınız və beləliklə, onları razı salmaq asanlaşır.
44-cü Qanun: Ayna effektindən istifadə edərək qarşınızdakıları zəiflədin.
Ayna həqiqəti əks etdirməklə yanaşı, aldatmaq üçün də mükəmməl bir vasitədir: onun sayəsində, düşmənlərinizin etdiklərini etdikdə onlar sizin strategiyanızı anlamayacaq. İnsanların aynada özünü görməsi əvvəl maraqlı olsa da, bir müddət sonra onları narahat edəcək. Güc sahəsində 4 əsas Ayna effekti var:
1. Zərərsizləşdirmə effekti. Rəqiblərinizi və düşmənlərinizi təqlid vasitəsilə kənarlaşdıra bilərsiniz. Aynadan istifadə etmək sizin strategiyanızı gizlədəcək. Eyni zamanda, düşmənlərinizi əsəbləşdirəcək.
2. Narsis effekti. İnsanların ruhlarının dərinliklərinə baxın; ən gizli istəklərini, dəyərlərini, zövqlərini, ruhlarının əsl mənasını üzə çıxarın və onlara qarşı istifadə edin.
3. Əxlaqi təsir. Mübahisənin təsiri zəifdir. Sizi narahat edən hər hansı bir hərəkəti sahibinə ayna vasitəsilə göstərin. Bu daha tez təsir göstərəcək və onlar vəziyyəti başa düşəcəklər.
4. Hallüsinasiya effekti. Aynalar həddindən artıq aldadıcıdır, çünki sizdə real dünyaya baxdığınızla bağlı fikir yaradırlar. Ancaq əslində, dünyanı dəqiqliklə göstərməyən bir şüşəyə baxırsınız; aynadakı hər şey tərsinə çevrilib.
45-ci Qanun: Dəyişikliyin vacib olduğunu məsləhət görün, ancaq qəfil və böyük dəyişikliklərdən yayının.
Dəyişikliklər haqqında danışarkən, islahatlar edərkən insanlara keçmiş hadisələrin və ənənəvi şeylərin görüntüsünü təqdim edin. Yəni, reallaşdırmaq istədiyiniz islahatın əvvəlki ənənələrə və məsələnin əvvəlki vəziyyətinə oxşarlıqlarını göstərin. İnsanlar dəyişiklik istəsə də, qəfil və böyük dəyişiklikləri qəbul etmirlər. Keçmişin ölü və yaxud basdırılmış olması ilə bağlı reallıq sizə onu yenidən şərh etmək imkanı verir. İstədiyiniz dəyişikliyi əldə etmək üçün əvvəlcə kiçik dəyişikliklərlə başlayın.
46-cı Qanun. Heç vaxt çox mükəmməl görünməyin.
Digərlərindən daha yaxşı görünmək həmişə təhlükəlidir, lakin heç bir qüsuru və zəifliyi olmayan biri kimi görünmək daha təhlükəlidir. Qısqanclıq sakit düşmənlər yaradır. Daha insani və əlçatan görünmək üçün müəyyən vaxtlarda qüsurlarınızı göstərmək və zərərli niyyətlərinizi etiraf etmək daha məntiqlidir. Çünki təkcə tanrılar və ölülər qüsursuz görünə bilər.
47-ci Qanun: Planlaşdırdığınız hədəfi keçməyin.
Zəfər anı ən böyük təhlükə anıdır. İnsanların demək olar ki, bütün planları məqsədə çatmaqla bağlıdır. Onlar məqsədlərinə çatdıqdan sonra nə edəcəklərini planlaşdırmırlar, bu isə məqsədsizliyə, məqsədsizlik də xaosa aparır. İnsanlar hər hansı bir məqsədi reallaşdırmaq, yaxud hansısa vəziyyətdən xilas olmaq üçün hərəkətə keçirlər. Məsələn, məktəbi bitirmək, yaxud böhranın öhdəsindən gəlmək belə bir məqsəd ola bilər. Ancaq bu vəziyyət də bəzi problemlər yarada bilər: məsələn, məktəbi bitirdikdən sonra nə edəcəyini bilməmək, yaxud böhranın öhdəsindən gəldikdən sonra planları yeni vəziyyətə uyğunlaşdıra bilməmək. Buna görə də istənilən vəziyyətə hazırlıqlı olmalısınız.
48-ci Qanun: Formasızlığa bürünün.
Konkret bir planla özünüzə hücum etməyə başlayın. Düşməninizin anlaya biləcəyi bir formaya sahib olmaq əvəzinə, özünüzü uyğunlaşmağa və fəaliyyətdə qalmağa məcbur edin. Heç nəyin dəqiq və heç bir qanunun dəyişməz olmadığını qəbul edin. Özünüzü qorumağın ən yaxşı yolu, su kimi axıcı və formasız olmaqdır; sabitlik və dəyişməzliyə heç vaxt güvənməyin. Hər şey dəyişir.
Nəticə
Kitabın əsas ideyaları:
Robert Qrin “Hakimiyyətin 48 Qanunu” kitabında güc əldə etməklə bağlı vacib məsələlərə toxunur. Bu qanunların bəzilərini oxuyarkən onların şişirdilmiş, qeyri-əxlaqi və hətta qeyri-humanist olduğunu düşünə bilərsiniz. Ancaq onlar tarix boyu araşdırılmış “necə yaxşı olmaq olar?” yox, “necə güclü olmaq olar?” haqqında qanunlardır.
menbe : readit.az
Yorumlar
Yorum Gönder