«ÜÇ YAŞ ARTIQ GECDİR»
Massaru İbuka
1 из 1
Uşağın inkişafının ən vacib dövrü – ilk üç ildir. Lakin bu o demək deyil ki, Sizin məqsədiniz – gənc alim yetişdirməkdir.
Uşağı necə və nə vaxt düzgün tərbiyə etmək lazım olması barədə çoxlu sayda ədəbiyyat mövcuddur. Təəssüf ki, bu kitabların böyük əksəriyyətinin körpənin dünyagörüşünün formalaşması və onun bilavasitə təhsili ilə heç bir əlaqəsi yoxdur.
Hamımız hələ məktəb illərindən sinfimizdəki əlaçı şagirdi yaxşı xatırlayırıq – onda hər zaman hər şey alınırdı. Baxmayaraq ki, müəllimlərin hamısı bir fikirdə idi - bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar və kifayət qədər səy göstərərlərsə, eyni uğuru qazana bilərlər – həqiqətdə isə biz nə qədər çalışsaq da, əlaçı elə əlaçı idi, pis oxuyan şagirdsə yenə də pis oxuyurdu.
Buna görə də kifayət qədər məntiqli sual meydana çıxır: bəlkə məsələ genlərimizdədir? Bu barədə mübahisələr artıq çoxdandır ki, davam edir. Bir tərəfdən beyin fiziologiyasının, digər tərəfdən uşaq psixologiyasının tədqiqatları göstərir ki, uşağın əqli bacarıqlarının inkişafının açarı – ömrünün ilk üç ilində, yəni beyin hüceyrələrinin inkişafı dövründə formalaşan şəxsi idrak təcrübəsidir. Bu zaman, beyin hüceyrələri, belə demək olarsa, əl-ələ verib uşağın hiss orqanları ilə xaricdən qəbul etdiyi informasiyaya cavab verməyə çalışırlar. Bu proses elektron kompüterdə tranzistorların işinə çox bənzəyir. Heç bir tranzistor ayrılıqda işləmir, yalnız bir sistem altında birləşərək kompüter kimi fəaliyyət göstərir. Beyin hüceyrələrinin bir-birilə əlaqəyə keçdiyi ən fəal dövr – uşaq anadan olandan üç yaşınadək olan dövrdür. Bu əlaqələrin 70-80%-i məhz həmin dövrdə meydana gəlir.
Uşağı, düzgün vaxtda və düzgün qaydada tərbiyə etmək, onu dahi kimi böyütmək demək deyil. Bunu anlamaq vacibdir. Hər hansı bir musiqi alətində ifa etmək və ya hər hansı bir xarici dili əziyyətlə öyrətmək uşaqda heç bir unikal bacarıq formalaşdırmır. Müəllifin fikrinə görə, erkən inkişafın əsas məqsədi – xoşbəxt körpələr yetişdirmək, körpənin həyatında və dünyasında daha çox sevinc olsun deyə onda olan sonsuz potensial imkanları üzə çıxarmaqdır. Körpədə ilk növbədə elə vacib fundamentin əsasını qoymalısınız ki, ayıq və diqqətli olsun, aldığı məlumatı qəbul və interpretasiya etməyi bacarsın.
Daha bir vacib məqam – uşaqla harda və necə rəftar etməli olduğunuzu səhv salmayın. Çox insanlar səhvən belə düşünürlər ki, doğulduğu ilk illərdə kiçik organizmi məlumatlarla yükləmək lazım deyil. O, özü özünə inkişaf etməlidir, əks halda bu, neqativ hallarla nəticələnə bilər. Körpə bağçaya və ya məktəbə getməyə başlayanda isə dərhal “ciddi valideyn” rejimi işə düşür və biz uşaqdan onun qarşısına qoyulan tapşırıqları sistemli və dəqiq yerinə yetirməsini tələb etməyə başlayırıq. Bu, doğru yanaşma deyil! Körpə ömrünün ilk illərindən nə qədər çox məlumatlı olarsa, bir o qədər yaxşıdır.
Uşaq qavrayışının xüsusiyyətləri:
1. Çətin və asan arasında seçim
Nəyin “çətin”, nəyin “asan” olması ilə bağlı körpənin aydın, müəyyən bir təsəvvürü yoxdur – İngilis dili və ya Yapon dili, Baxın musiqisi yoxsa uşaq mahnıları, monoton musiqi, yoxsa səslərin ahəngi – körpə üçün hər biri yenidir. Hər hansısa məlumatı körpənin qavraması üçün həddindən artıq qəliz olması kimi köhnəlmiş fikirlərdən uzaq durmağa çalışın.
2. Körpə görüntülərlə düşünür.
Körpəyə obyektləri obrazlarla tanımaq kimi gözəl qabiliyyət bəxş olunub. Bu xüsusiyyətin analiz etməklə heç bir əlaqəsi yoxdur, analiz etməyi körpə sonradan öyrənir. Bu hipotezi təsdiq edən gözəl nümunə, körpənin öz anasının simasını tanımasıdır.
3. Klassik musiqi və xarici dil.
“Sony” firmasına mənsub şirkətlərdən birində uşaq bağçası təsis edilmişdi. Uşaqların hansı musiqini sevdiyini öyrənmək məqsədilə bağçada araşdırma aparıldı. Araşdırmadan sonra məlum oldu ki, uşaqları klassik musiqi, əsasən də Bax və Bethovenin əsərləri cəlb edir. Bu isə o deməkdir ki, uşaq beyni hələ bu qədər erkən yaşda “qəliz musiqi konstruksiyalarını” qəbul edib qiymətləndirməyə qadirdir. Bundan başqa, uşağın və yetkin insanın yeni xarici dil öyrənməsi arasında çox böyük fərq var. Ən kiçik yaşlı uşaqlar dillə bağlı çətinliklərin öhdəsindən daha asanlıqla gəlirlər. Valideynlərə isə əksinə, onlara tanış olmayan dili öyrənmək üçün illər tələb olunur.
4. Uşaq – süngər kimidir, məlumatı tez və rahat özünə çəkir.
Uşağın beynini çox yükləyəcəyinizdən heç vaxt ehtiyat etməyin, əksinə, uşağa verdiyiniz məlumatın az olmasına görə narahat olmağa dəyər. Övladınızın bacarığına şübhə etməyin. Onlar üçün həddindən artıq çətin olacağını düşündüyünüz işlərin öhdəsindən, onlar asanlıqla gələcəklər.
5. Körpə ona maraqlı olan məlumatı yadda saxlayır.
Körpənin beyni əlbəttə ki, ona təklif olunan məlumatların hamısını qəbul edir. Lakin münasib bir anda o, məlumat bazasında olanları “filtrdən keçirir”, yalnız özünə maraqlı olanları saxlayır və asanlıqla yaddaşına həkk edir. Məsələn, üç yaşına qədər uşaqlar əlifba ilə tanış olmasalar da, onlara maraqlı bir hekayə oxuduqda, onlar özləri kitabın səhifələrini vərəqləyirlər və müəyyən sözləri kitabdakı şəkillərlə uyğunlaşdırırlar. Məhz bu zaman körpənin assosiasiyalarla bağlı qavrama xüsusiyyəti meydana çıxır. Onlara maraqlı olan məlumatı öyrənmək heç bir çətinlik törətmir, onların buna sərf etdikləri enerji və güc sizi narahat etməməlidir.
Gen, heç bir rol oynamır.
“Ot kökü üstə bitər” və ya “Oddan kül törəyər” kimi misalları yəqin ki, çox eşitmisiniz. Əlbəttə ki, bütün bu fikirlər beynimizin dərinliyinə hopub. Hamımız bu fikirdəyik ki, riyazi bilikləri yaxşı olan insanların övladları riyaziyyatçı, yaradıcı insanların uşaqları rəssam və ya musiqiçi olmalıdır və s.
Əslində isə gen və irsiyyət ikinci dərəcəli rol oynayır. Əgər Sizin həyat yoldaşınız yazıçıdırsa və övladınız da ədəbiyyat dərsində inşanın öhdəsindən məharətlə gəlirsə, bu iki fakt arasında əlaqə axtarmaq lazım deyil. Sonuncu, mütləq olaraq birincinin birbaşa nəticəsi deyil.
Bundan əlavə, əkiz uşaqların tamamilə fərqli tərbiyələr alması ilə bağlı çox təcrübələr aparılıb, nəticələr də hər zaman uyğun olaraq fərqli olub.
Sadəcə ətrafınızdakı insanlara nəzər yetirsəniz görərsiniz ki, istedadlı insanların övladları heç də hər zaman istedadlı olmur. İnsanlar istehza ilə uşağı “atasına layiq olmayan” övlad adlandırırlar. Həqiqətdə isə, uşaq özünün necə böyüməsinə cavabdeh deyil, belə ki, böyüdüyü mühit onu “atasına layiq” böyütməyib.
Yaxud əksinə, avara və ya sərxoş insanın övladı yaxşı mühəndis və ya rəssam ola bilər. Doğularkən eyni olan uşaqlar məhz ətraf mühit və həyat təcrübələri sayəsində tamamilə fərqli bacarıq və xarakterlərlə böyüyürlər.
Yəqin ki, uşaqların valideynlərinin yolu ilə getdiyi və uğur qazandığı bir və ya hətta bir neçə ailə tanıyırsınız. Bu qayda deyil, mütləq istisna haldır. Uşaqların valideynlərinin yolunu davam etdirmək üçün onların sənətinə yiyələndiyi, lakin nəticədə uğur qazana bilmədiyi hallara daha çox rast gəlinir.
Biz uşağa nəyin və necə təsir göstərəcəyini heç vaxt dəqiq bilmirik.
Siz yadda saxlamalısınız ki, uşaq və uşaq beyni daim inkişaf edir və dəyişir. Onun müəyyən miqdarda məlumatı yadda saxlamasına bu gün bir saat tələb olunurdusa, sabah bir saat və bir dəqiqə vaxt lazım olacaq və bu proses daimidir.
Amerikalı psixoloq Makqrou iki əkizlə belə bir təcrübə apardı: onların birinə konki sürməyi 11 yaşında, o birinə isə 22 aylıq olanda öyrətdi. Nəticələr açıqca fərqli idi: konki sürməyi daha tez öyrənən uşaq, konkini daha bacarıqla sürürdü. Bu günə qədər uşağımızı hansısa bacarıq və ya vərdişə öyrətmək üçün hələ çox tez olduğunu düşünüb “ən yaxşı vaxtı” əldən veririk, bununla da onun həyatını çətinləşdiririk.
Uşaq nə qədər balacadırsa, ətrafında fasiləsiz baş verən fərqli faktorlar ona bir o qədər çox təsir göstərir. Məsələn, Yaponiyada gənc bir ailə övladları cəmi bir neçə aylıq körpə olanda bir il müddətinə ayrı-ayrı şəhərlərdə yaşamaq məcburiyyətində qalmışdılar. Onlar birgə həyata geri döndüyü zaman uşaq hələ də dil açmamışdı. Lakin danışmağa başlayanda aydın oldu ki, onun nitqində yalnız Tohoku dialektina mənsub sözlər var. Ananın uşağı ilə müvəqqəti yaşadığı şəhərdə insanlar bu dialektdə danışırdılar. Baxmayaraq ki, o zaman körpə hələ danışmırdı və ətrafında danışılanları anlamırdı, həmin dialekt onun balaca beyninə yaxşı həkk olunmuşdu.
Balaca insanın gələcək həyatına, tamamilə gözlənilməz amillərin necə təsir etməsi ilə bağlı daha bir parlaq - Karl Fridrixə aid misalı nəzərdən keçirdək. Onun ailəsində savadlı insanların olmamasına baxmayaraq o, görkəmli riyaziyyatçı oldu. Uşaq vaxtı tikintidə kərpicləri bir-bir atasına verərkən o, kərpicləri sayırdı. Həmin alimi dünyaya bəxş edən stimul da çox güman ki, bu idi.
İlk başdan möhkəm təməl qoymadan möhkəm bina tikməyə cəhd göstərmək əhəmiyyətsizdir: kənardan bina hətta gözəl görünsə də, güclü küləkdən və ya zəlzələdən o, onsuz da parçalanıb dağılacaq. Erkən inkişaf – təxminən belə bir fundamentdir. Onu əvvəlcədən möhkəm etmək lazımdır, çünki bina hazır olduqdan sonra təməli möhkəmlətmək mümkün olmayacaq. Baxmayaraq ki, ömrünüzün ilk üç ilindən siz indi heç bir şey xatırlamırsınız, onlar düşüncənizin gələcək müqəddəratı üçün yenə də ən vacib olaraq qalır.
Körpənin anası ilə əlaqəsi onun xarakter və bacarıqlarının formalaşmasına çox güclü təsir göstərir.
Ana ilə körpə arasında kontakt çox güclüdür. Körpə nəyə görəsə narahatdırsa və ağlayırsa, siz onu qucağınıza aldıqda, çox güman ki, sakitləşəcək. Çoxları düşünür ki, belə etmək uşağı ərköyünləşdirir: guya uşaq biləcək ki, öz ağlamağı ilə hər an böyüklərin diqqətini öz üzərinə çəkə bilər. Özünü ifadə etmək üçün başqa bir yol tanımayan körpə üçün ağlamaq, diqqəti özünə çəkmək üçün yeganə vasitədir. Əgər o ağlayırsa, demək o nəsə istəyir və onun istəyini cavabsız qoymaq – lap əvvəldən onu ünsiyyətdən məhrum etmək deməkdir. Körpəni qucağınıza aldığınız zaman toxunuşla duyulan əlaqə yaranır. Məhz bu, qayğıkeş və ünsiyyətcil insanın formalaşmasına kömək edir.
Valideynlərin qorxduqları daha bir məqam – uşağı yatağa gətirməkdir. Yenə də onlar, bununla körpəni ərköyün etməkdən ehtiyat edirlər. Buna başqa tərəfdən baxmağa çalışın. Əgər ana gün ərzində çox işləyirsə və körpə ilə ünsiyyətdə olmağa tamamilə vaxtı olmayıbsa, əla çıxış yolu var – sadəcə bərabər yataqda uzanıb ona nağıl oxumaq və ya ona sadəcə nə isə danışmaq. Bu yolla, gün ərzində yaranan boşluğu doldurmuş olursunuz.
Bacarıqların genlə uşağa ötürülməməsi barədə artıq danışmışıq, bu eləcə də musiqi bacarıqlarına da aiddir. Lakin, musiqi eşitmə qabiliyyətindən tamamilə məhrum olan valideynlərin uşaqlarında da müsiqi duyumu olmayacaq. Siz həmçinin artıq bilirsiniz ki, gördüyü və eşitdiyi hər şey körpəyə təsir göstərir. Əgər ana körpəsinə, musiqi ilə tamamilə səsləşməyən layla oxuyursa, qızı bu səsləri yaxşı yadda saxlayır və böyüdükdən sonra belə “musiqi” ilə bağlı tapşırıqların öhdəsindən heç cürə gələ bilmir. Bu yolla, musiqi duyumu, eləcə də xarakter və bacarıqların inkişafı, ümumiyyətlə əsasən valideynlərin vərdişlərinin təsiri altında formalaşır. Hətta valideynlərin davranışında əhəmiyyətsiz görünən hər bir şey, körpəyə güclü təsir göstərə bilər.
Siz yetkin şəxsə deyil, körpə uşağa tərbiyə verirsiniz. Onun üçünsə ən vacibi – ona maraqlı olandır.
Yuxarıda deyildiyi kimi körpələr, bəyəndikləri və onlara maraqlı olan məlumatları daha yaxşı qəbul edirlər və qavrayırlar. Məhz buna görə istəmədiyi bir şeyi onlara zorla verdikdə, onu inkar edirlər. Hətta sırf hipotetik olaraq bu işlə məşğul ola bilərlərsə belə, onların beyni elə qurulub ki, istəmədikləri işlə məşğul olmağa məcbur etdiyiniz zaman dərhal rədd edirlər. Əvvəlcə ona yeni şəraitə uyğunlaşmağa imkan verin və yalnız bundan sonra, onun diqqətini ilk cəlb edən məqama əsaslanaraq lazım bildiyinizi təklif edin.
Həkim Suzuki, uşaqlara skripka çalmağı öyrədərkən məhz bu metoddan istifadə edirdi. Onun əsas məqsədi – maraq oyatmaq idi, bu isə yaxşı motivasiyadır. Onun fikrincə məcbur etmək - ən pis təlim yoludur. Əgər uşaqda skripkaya qarşı həvəs oyanırsa, o, qısa vaxt ərzində böyük uğura nail olur, hətta bəzi hallarda müəllimin bütün gözləntilərini belə keçir. Uşaqda təlim predmetinə həvəs oyatmaq - ən yaxşı pedaqoji üsuldur. Buna görə də, uşağına nəyisə öyrətmək istəyən valideynin əsas məqsədi – onda həvəs oyatmaqdır. Məsələn, uşağınıza saymağı öyrətmək əvəzinə, onu rəqəmlərlə maraqlandırın. Ona yazı yazmağı öyrətmək istəyirsinizsə, yazma prosesinə onda həvəs oyadın. Başqa sözlə, valideynin vəzifəsi – uşağı tədrisə hazırlamaqdır.
Bundan əlavə, uşaq üçün “yaxşı” – maraqlı və əyləncəli olandır. Məsələn, oğurlanmış uşaqlardan, ona xəbərdarlıq olunduğu halda niyə yad adamın onu aparmasına imkan verdiyini soruşduqda, bunu belə izah edir: “Onunla maraqlı idi”. Məlum olur ki, uşaq oğruları onların psixologiyasını yaxşı bilir. Onlar uşağı maraqlandırmağı bacarırlar və nə ilə cəlb edə biləcəklərini yaxşı bilirlər. Balaca uşaq isə maraqlı olan hər şeyin yaxşı olduğunu düşünür və heç nədən şübhələnmədən oğrunun ardınca gedir.
“Yaxşı” və “xoş” olanlar barədə yuxarıda qeyd olunan fikirlər, yalnız erkən yaşlar üçün xarakterikdir. Tədricən uşaq təcrübə qazanır və artıq başa düşür ki, etdiyi bir işə görə onu tərif edirlərsə - deməli bu “yaxşı”dır. Əgər o, tapşırılanı yerinə yetirir və buna görə tərif eşidirsə, düşünür ki, yaxşı və düzgün hərəkət edib. Və əksinə, əgər onu danlayır və cəzalandırırlarsa, demək ki, o, pis hərəkət edib. Xoş olmayan hisslər, onlarda “pis” anlayışı ilə bağlı olur. Məsələn, uşağınızı, skripkada pis ifa etdiyinə görə və ya kifayət qədər sürətli oxumağı bacarmadığına görə daim qınayırsınız. Bu zaman uşaq, bütün təlim prosesini yalnız əzabverici, yəni pis bir hadisə kimi qəbul edəcək. Çoxumuz uşaqlıqdan musiqi, və ya İngilis dili dərslərinə nifrət edirik, yalnız ona görə ki, onlar xoş olmayan hisslərlə assosiasiya olunur. Buna görə də, “yaxşı” və “pis” olanlar barədə öz fikirlərinizi uşağa zorla tətbiq etmək əvəzinə, yaxşı iş gördüyü zaman xoş emosiyalar keçirməsini, pis iş tutduğu zaman isə xoşagəlməz emosiyalar duymasını təmin etsəniz daha səmərəli olar.
Oğlan və qızların tərbiyəsində bir fərq varmı?
Körpə doğulduğu gündən, çox hallarda isə doğulmamışdan hələ çox əvvəl, valideynlər uşağın oğlan və ya qız olmasını bilib, uyğun geyim və oyuncaqları seçib alırlar: əksər hallarda oğlan doğulacaqsa hər şeyi mavi, qız doğulacaqsa çəhrayı rəngdə.
Bəs üç yaşına kimi qız və ya oğlan uşağının arasında bir fərq varmı? Və müvafiq olaraq, cinsinə görə fərqli təlim metodları seçməyə ehtiyac varmı?
Alimlər artıq çoxdan sübut ediblər ki, üç yaşınadək qız və oğlan uşaqları bir-birindən çox fərqlənmir. Geyimləri onlar üçün tamamilə əhəmiyyətsizdir, qarşılarında gəlincik və ya tapança olmasının da onlar üçün heç bir fərqi yoxdur.
Məşhur uşaq psixoloqu Van Ornşteyn apardığı silsilə tədqiqatlardan sonra belə qənaətə gəldi ki, yalnız üç yaşından sonra uşağın cinsi mənsubiyyəti, onun davranışında əks olunmağa başlayır və bu artıq 4 və ya 5 yaşında ikən onların oyunlarında da aydın görsənir. Beləliklə, üç yaşadək cinslər arasında fərqi yalnız genital forma göstərir.
Məhz bu səbəbdən valideynlər, bu yaşlarda uşağın cinsinə uyğun oyuncaqlarla oynamaması, xüsusən də geyiminin cinsinə uyğun olmamasına görə narahat olmaya bilərlər. Məsələn, alman şairi Rilkeni qız kimi tərbiyə ediblər və hətta qıza aid geyimlər geydiriblər. Lakin, bu səbəbdən o, qadın kimi böyümədi.
Bu o deməkdir ki, qız uşağının kişi kimi, və ya əksinə, oğlan uşağının isə qadın kimi böyüyəcəyinə görə narahat olan valideynlər, daha yaxşı olardı ki, cinsi fərqlər haqqında öz təsəvvürlərini uşağa tətbiq etməklə onun psixikasına vurduqları zərəri dərk edərdilər.
Və bir də - uşaqla cinsi mövzularda açıq danışmaqdan heç vaxt utanmayın və qorxmayın. Bəhanələr axtarmayın, onun hələ balaca olmasını düşünməyin. Bu kimi suallara uşaq aydın cavab almalıdır. Zarafata salmaq və ya ona yalan danışmaq lazım deyil. Utanmaq və sözdən yayınmaq, bu mövzunu qadağan olunmuş meyvə edəcək ki, bu da uşağın marağını daha da artıracaq və lazımsız fantaziyalara səbəb olacaq.
Musiqinin köməyilə uşağınızı səbrli olmağı öyrədin.
Musiqi ilə məşğul olmaq, müəyyən estetik məqamlar aşılamaqla yanaşı, həm də uşağınızda əzm və liderlik xüsusiyyətlərinin ortaya çıxmasına kömək edə bilər. Şən və narahat insanlar arasında böyük fərq var. İlk qeyd olunan xarakter olduqca müsbət olsa da, ikinci xüsusiyyət əksinə, yaxşı heç nə demir. Narahat kişini təsəvvür edin: o, bir fəaliyyət növü ilə uzun müddət məşğul ola bilmir, nəticədə fikrini heç nədə cəmləyə bilmir və onda düz-əməlli heç nə alınmır. Oğlunuzun da belə olmasını istəyərdinizmi? Məhz bu kimi xüsusiyyətlərin formalaşmasından qaçmaq üçün övladınızın skripka dərsləri almasını təmin edin.
Kitabda, həkim Suzukinin şagirdlərinin davranışlarından maraqlı nümunələr qeyd olunub. Onlar, özlərini necə aparmalı olduqlarını bilirdilər və uzun müddət fikirlərini müəyyən tapşırıqda cəmləməyi bacarırdılar. Məhz bu səbəbdən belə uşaqların məktəbdə dərslərinə və imtahanlara hazırlıqla bağlı problemi olmur. Həm də özlərini “tərəvəz” halına salana qədər əziyyət vermirlər. Belə uşaqlar, heç vaxt başqa uşaqlarla oynamaq üçün həyətə çıxmayan, bunun əvəzinə günlərlə dərs oxumağa və öyrənməyə cəhd göstərməklə özlərinə əziyyət verən qəmgin uşaqlara çevrilmirlər.
Başqa bir nümunə - idmandır. Müəllifin tanışlarından biri uşaqlarının, birinə 7, o birinə 9 yaşından qolf oynamağı öyrətmişdi. Balaca qardaş hətta indi də, üstündən neçə illər keçməsinə baxmayaraq, qolf oyununda qardaşından xeyli irəlidədir. Halbuki, böyük qardaş idmançıdır və digər idman növlərində qardaşından daha güclüdür. Onların atası kiçik qardaşın daha uğurlu olmasının səbəbini öyrənməyə çalışırdı. Bunun yeganə izahı – onun məşqlərə daha tez başlaması idi.
Məsələ uşağı musiqiyə və ya idmana cəlb etməkdə deyil, əsas olan onu – erkən yaşında ikən nə isə ilə məşğul etməkdir.
Bu məqamlardan uzaq dayanın
1. Uşaqlardan əvvəl ilk öncə valideynləri tərbiyə etmək lazımdır.
Uşağın tərbiyəsi ilə məşğul olmağı üçüncü şəxsə həvalə etməyə dəyməz, xüsusən də erkən yaşlarında. Yalnız valideynlər, əsasən də ana, bunun öhdəsindən müvəffəqiyyətlə gələ bilər. Məhz buna görə onlar nəyi necə etməyi bilməlidirlər. Bunun üçün isə öz növbəsində onlar da öyrənməli olacaqlar.
2. Uşaqların tərbiyəsindən vacib heç nə yoxdur.
“Mən uşaqla o qədər çox məşğulam ki, onun təhsilinə zamanım qalmır. Nəzəriyyə aydındır, lakin onların həyata keçirilməsi üçün vaxtı necə əldə etmək olar?”. Siz yəqin ki, passivliyinizi çox vaxt məhz belə izah edirsiniz. Heç vaxt belə deməyin. Əgər uşağınızı yemək və geyimlə təmin etməyin daha vacib olduğunu və məhz övladınızın gələcəyi üçün günün 24 saatını işlədiyinizi düşünürsünüzsə, bu tamamilə yanlış mövqedir. Dəfələrlə yaxşı olar ki, bütün boş vaxtınızı uşağınızın təhsilinə yönəldəsiniz.
3. Körpənin iradəsini zorlamayın
Uşağın istəklərini inkar etməklə tərbiyə vermək, çox vaxt şəxsə qarşı zorakılıqla assosiasiya olunur. Övladınıza nəyisə zorla etdirmək istəyəndə, siz avtomatik olaraq onun özünə inamını qırırsınız. Əsas olan uşağın özünün bunu istəməsinə nail olmaqdır. Ən yaxşı təhsil də elə budur.
4. Uşağınızın tərbiyəsini yarıda saxlamayın.
Bəzən uşağın birinin 3 yaşı tamam olmamış ailədə daha bir uşaq peyda olur. Bu zaman bütün diqqətlər avtomatik olaraq yeni doğulan körpəyə yönəlir. Bunun səslənməsi belə sünidir. Heç bir halda uşaqlarınızdan hansınınsa təhsilinə biganə olmayın.
5. Uşaq – valideynin mülkiyyəti deyil.
Baxmayaraq ki, uşaqlar tərəfindən valideynlərə minnətdarlıq hissi çox təbiidir, belə ki, həyatı məhz valideynlər ona bəxş ediblər, lakin bu o demək deyil ki, onlar avtomatik valideynin mülkiyyətinə çevrilməlidirlər. Uşaq bütünlüklə anasının və ya atasının iradəsindən asılı olduğu zaman onun şəxsi iradəsi dərhal ləğv olunur. Buna qətiyyən yol vermək olmaz.
6. Ananın şöhrətpərəstliyi uşağa saxta anlayışlar aşılayır.
Musiqi ilə məşğul olmağa məcbur edilən uşaqlar, çox vaxt qeyri-səmimi və süni olurlar, sanki anaları onlara prestij və rəqabət barədə yanlış fikirlər aşılayıb. Uşağın inkişafı üçün nəzərdə tutulmuş musiqi dərsləri məcburi olduqda, onun ruhi əzab mənbəyinə çevrilir.
Nəticə:
Üç yaşınadək olan uşaqlar, ən ağlasığmaz bacarıqlara malikdirlər. Onlar, sizin onlara verə biləcəyiniz qədər informasiyanı mənimsəməyə qadirdirlər. Kitabın müəllifi, ətraf mühitin yeni doğulmuş körpəyə göstərdiyi böyük təsir barədə fikirlər yürüdür və uşağın erkən inkişafı üçün sadə və aydın təlim metodları təklif edir. Onun fikrincə, böyüklərin çətinliklə mənimsədikləri məlumatları körpələr oynayaraq öyrənirlər. Bu prosesdə əsas olan – yeni təcrübəni vaxtında çatdırmaqdır. Lakin, yalnız gündəlik uşağın yanında olan kəs onda olan potensialı “vaxtında” aşkarlaya bilər. Kitab, kiçik yaşlı övladlarının qarşısında yeni və gözəl imkanlar açmaq arzusunda olan analar və atalar üçün nəzərdə tutulub.
Məsləhətlər:
Bəlkə də, uşağınızın tərbiyəsinin ən vacib dövrü – ömrünün ilk üç ilidir. Məhz bu dövrdə ona mümkün qədər çox məlumat verməlisiniz. Onun beyni bu məlumatları qəbul etməyə və yadda saxlamağa qadirdir. Əsas məsələ - həddi aşmayın: uşağınız ona maraqlı olanı yaddaşına həkk etməyə hazırdır, sizin zorla tətbiq etməyə çalışdıqlarınızı deyil.
menbe: readit.az
Yorumlar
Yorum Gönder